PHP

Dəyişənlər

Bu dərsdə php-beginner qovluğu yaratmışdıq. İndi həmin qovluğun içərisində variables.php faylı yaradırıq. Bu dərsdə göstərilmiş bütün nümunələri həmin fayla əlavə edib yoxlaya bilərsiniz.

variables.php faylı yaradırıq

Dəyişən - kompüterin yaddaşının bir hissəsidir. Proqramda məlumatları yadda saxlamaq, onlar üzərində müxtəlif əməliyyatlar aparmaq üçün dəyişənlərdən istifadə olunur. Hər bir dəyişən kompüterin yaddaşında ünvana malikdir. Həmin ünvana dəyişənin adı ilə müraciət edirik.

Dəyişənlər - bu, məlumatların saxlanılması üçün konteynerlər kimi də başa düşülə bilər. Təsəvvür edin ki, dəyişənlər kompüterin yaddaşında "qutular" şəklindədir və biz onların içərisində müxtəlif tip (sətir, məntiqi, tam ədəd) məlumatları saxlayırıq:

dəyişənləri yaddaşdakı qutular kimi təsəvvür edə bilərik

Dəyişənin adı ilə bağlı qaydalar

  • Dəyişənin adı $ (dollar) simvolu ilə başlamalı və bundan sonra ən azı bir simvoldan ibarət olmalıdır
  • $ simvolundan sonra gələn simvol ya hərf, ya da altdan xətt (_) simvolu olmalıdır, sonrakı simvollar hərf, rəqəm və aşağıdan xətt simvollarından ibarət ola bilər
  • Dəyişənin adı registrdən asılıdır, yəni böyük və kiçik hərflər fərqləndirilir. Məsələn, $user$User – iki müxtəlif dəyişənlərdir

Düzgün dəyişən adlarına nümunə:

$count
$email
$isCompleted

Səhv dəyişən adlarına nümunə:

$4count
$is-completed
$*ABC
email
  • $4count - dəyişənin adında $ simvolundan sonra gələn simvol rəqəm ola bilməz
  • $is-completed - dəyişənin adında defis simvolundan istifadə yolverilməzdir
  • $*ABC - dəyişənin adında $ simvolundan gələn simvol ya hərf, ya da altdan xətt (_) simvolu olmalıdır
  • email - dəyişənin adı $ simvolu ilə başlamalıdır

Dəyişənə qiymət mənimsədirik

Dəyişənə qiymət vermək üçün mənimsətmə operatorundan = istifadə edilir. Bu operator onu bildirir ki, soldakı operanda sağdakı ifadənin qiyməti mənimsədilir:

<?php

error_reporting(-1);

$number = 5;

$number dəyişəni yaradılır və ona 5 rəqəmi mənimsədilir:

dəyişənə qiymət mənimsədirik

echo konstruksiyasının köməyilə $number dəyişəninin qiymətini ekranda göstərə bilərik:

<?php

error_reporting(-1);

$number = 5;
echo $number; // 5

Nəticə:

5

var_dump() funksiyası dəyişənin qiyməti ilə yanaşı, həm də onun tipini ekranda göstərir:

<?php

error_reporting(-1);

$number = 5;
var_dump($number);

Nəticə:

int(5) 

Dəyişənə ifadənin nəticəsini mənimsədirik

Dəyişənə, həmçinin hansısa ifadənin nəticəsini mənimsətmək mümkündür:

<?php

error_reporting(-1);

$balance = 1000 + 500;
echo $balance;

Nəticə:

1500

PHP proqramlaşdırma dilində ifadə dedikdə istənilən sətir, ədəd, obyekt, massiv, funksiya, bir sözlə qiyməti olan kod fraqmenti nəzərdə tutulur. Məsələn, bir dəyişənə digər dəyişənin qiymətini də mənimsətmək mümkündür:

<?php

error_reporting(-1);

$name = 'Emil';
$userName = $name;

echo $userName;

Nəticə:

Emil

Yuxarıdakı nümunədə $userName dəyişəninə $name dəyişəninin qiyməti mənimsədilib.

Dəyişənin mövcudluğunu yoxlayırıq

isset() konstruksiyası dəyişənin mövcudluğunu yoxlamağa imkan verir. Əgər dəyişən mövcuddursa, sözügedən konstruksiya true, yox əgər dəyişən mövcud deyilsə və ya dəyişənə null qiyməti mənimsədilibsə, false geri qaytarır:

<?php

error_reporting(-1);

var_dump(isset($name));

Nəticə:

boolean false

$name dəyişəni mövcud olmadığına görə ekranda false göstərilir.

İndi isə $name dəyişəninə qiymət mənimsədirik:

<?php

error_reporting(-1);

$name = 'Emil';
var_dump(isset($name));

Nəticə:

boolean true

$name dəyişəninin qiyməti Emil-dir, ona görə ekranda true göstərilir.

Dəyişəni silirik

unset() konstruksiyasının köməyilə dəyişəni silə bilərik:

<?php

error_reporting(-1);

$userName = 'Emil';
$number = 15;

unset($userName);
echo $userName;

echo '<br><hr>';
echo $number;

http://php-beginner/variables.php ünvanına daxil oluruq:

dəyişəni silirik

Yuxarıdakı skriptdə 7-ci sətirdə unset() konstruksiyasının köməyilə $userName dəyişənini silmişik. Növbəti sətirdə $userName dəyişəninə müraciət etdikdə Warning tipli səhv qeydə alınır, çünki həmin dəyişən artıq mövcud deyil. $number dəyişəninin qiyməti isə ekranda göstərilir, çünki həmin dəyişən mövcuddur.

Dəyişənlərin adlandırılması ilə bağlı tövsiyə xarakterli qaydalar

Bundan başqa, kodun işləməsinə təsir etməyən, lakin əksər PHP proqramçılar tərəfindən riayət edilən müəyyən qaydalar mövcuddur. Bu, digər proqramçıların kodunu oxumağı asanlaşdırır ki, bu da çox vacibdir, çünki böyük layihələrin üzərində bir neçə proqramçı çalışır və onlar bir-birlərinin kodlarını oxumalı olurlar. Həmin qaydalar aşağıdakılardır:

  • Dəyişənlərin adında ingilis əlifbasının hərflərindən istifadə edilməlidir
  • Dəyişənlərin adı "danışan" olmalıdır. Məsələn, $myVariable ilə müqayisədə $userName dəyişəninin ifadə etdiyi məna daha aydın başa düşülür
  • Əgər dəyişənin adı bir neçə sözdən ibarətdirsə, adətən "CamelCase" (Dəvə registri) üslubundan istifadə edilir. Bu üslubda bir neçə sözdən ibarət ifadədə birincidən başqa, digər sözlərin birinci hərfi böyük yazılır

Uğurlu seçilmiş dəyişən adları:

$numberOfPeopleInTheWorld, $subscriberEmail, $dayOfWeek

Uğursuz seçilmiş dəyişən adları:

$dunyadainsanlarinsayi, $istifadecininEmeyli, $x

Dəyişənlərin uğurlu adlandırılmasına aid nümunə

<?php

error_reporting(-1);

$dollars = 100;
$exchangeRate = 1.70;
$azn = $dollars * $exchangeRate;

echo "Hazırda $dollars ABŞ dolları $azn manatdır.";

Dəyişənlərin uğursuz adlandırılmasına aid nümunə

<?php

error_reporting(-1);

$x = 100;
$y = 1.70;
$t1 = $x * $y;

echo "Hazırda $x ABŞ dolları $t1 manatdır.";

Hər iki nümunəni icra etdikdə brauzerdə "Hazırda 100 ABŞ dolları 170 manatdır." ifadəsi çap edilir.

Dərsin kodlarını github-dan köçürə bilərsiniz.

0
Çalışmalara (5) giriş əldə etmək üçün hesabınıza daxil olun.

Şərh yazmaq üçün hesabınıza daxil olun.