MySQL
MySQL-ə giriş
- Verilənlər bazasında istifadə olunan əsas terminlər
- Əmr sətrinin (Command Line) köməyilə MySQL-ə giriş əldə edirik
- Əmr sətri interfeysindən istifadə
- phpMyAdmin proqramı üzərindən MySQL verilənlər bazası ilə işləyirik
MySQL – bu, yüksək iş sürətinə malik, istifadəsi asan olan açıq mənbə kodlu strukturlaşdırılmış VBİS-dir (verilənlər bazasının idarəetmə sistemi). Facebook, Twitter və Wikipedia kimi nəhəng resurslar daxil olmaqla milyonlarla veb-sayt MySQL-dən istifadə edir.
MySQL proqram təminatı İsveçin MySQL AB şirkəti tərəfindən işlənib hazırlanıb. 1995-ci ildə ilk versiyası təqdim edilib. 2008-ci ildə MySQL AB şirkəti Sun Microsystems tərəfindən satın alınıb. 2010-cu ildə Oracle korporasiyası Sun Microsystems şirkətini satın alıb və MySQL ticarət markası üzərində hüquqa yiyələnib. Buna görə MySQL hazırda Oracle korporasiyası tərəfindən dəstəklənir.
Münasibətli verilənlər bazasında məlumatlar strukturlaşdırılmış formada saxlanılır. Bu, sürətli axtarış etməyə və lazımi informasiyanı əldə etməyə imkan verir. Məlumatlar sətir və sütunlardan ibarət olan müxtəlif cədvəllərdə saxlanılır. Həmçinin müxtəlif cədvəllər arasında münasibət (əlaqə) qurula bilər.
MySQL-də məlumatlara çıxış əldə etmək üçün interfeys kimi SQL-dən (Structured Query Language - strukturlaşdırılmış sorğu dili) istifadə olunur.
MySQL aşağıdakı platformaları dəstəkləyir:
- Red Hat
- Fedora
- Ubuntu
- Debian
- Solaris
- Microsoft Windows
- Apple macOS
Həmçinin müxtəlif proqramlaşdırma dilləri (C, C++, C#, PHP, Java, Ruby, Python və Perl) ilə qarşılıqlı əlaqə yaratmaq üçün tətbiqi proqram interfeysi (API) əlçatandır.
MySQL 8.0 versiyası 2018-ci ildə təqdim edilib.
Verilənlər bazasında istifadə olunan əsas terminlər
MySQL ilə işləməyə başlamazdan öncə bir neçə terminin mənasını dəqiqləşdirək:
- verilənlər bazası - MySQL məlumatlarından ibarət olan cədvəlləri özündə saxlayan konteynerdir
- cədvəl - sütun və sətirlərdən ibarət olan bu strukturda MySQL məlumatları saxlanılır
- sətir - bir obyektin atributlarını təsvir edən sütunlar yığınıdır
- sütun - sətirdəki xananın adı
Əmr sətrinin (Command Line) köməyilə MySQL-ə giriş əldə edirik
OpenServer-i bu dərsdə yazıldığı kimi quraşdırmısınızsa, onda MySQL ilə işləmək üçün konsol kliyentinin ünvanı aşağıdakı kimidir:
D:\OpenServer\modules\database\MySQL-8.0-WIN10\bin\mysql.exe
Konsol kliyentini açmaq üçün ilk öncə Open Server.exe faylını işə salırıq. Tapşırıqlar panelində (system tray) görsənən qırmızı rəngli bayraq işarəsinin üzərinə mausun düyməsi ilə sıxırıq və açılan menyudan Запустить seçirik. Bayraq işarəsinin rəngi yaşıl olur, yəni artıq aktivdir. Bundan sonra yaşıl rəngli bayraq işarəsinin üzərinə mausun düyməsi ilə sıxırıq və açılan menyudan Дополнительно, daha sonra Консоль seçirik:
Açılmış konsolda aşağıdakı əmri yazıb, Enter düyməsinə sıxırıq:
D:\OpenServer\modules\database\MySQL-8.0-WIN10\bin\mysql.exe -u root
MySQL kliyenti açılır:
Əmr sətri interfeysindən istifadə
MySQL kliyentinin işlədiyinə əmin olmaq üçün konsolda SHOW DATABASES;
əmrini daxil edirik və Enter düyməsinə sıxırıq:
Nöqtəli vergül
Konsol kliyentində SHOW DATABASES;
əmrini daxil edərkən yəqin ki əmrin sonunda nöqtəli vergül (;) qoyulması diqqətinizi çəkdi. Bu simvol MYSQL-də əmrləri bir-birindən ayırmaq üçün istifadə edilir. Əgər əmrin sonunda nöqtəli vergül yazmağı unutsanız, MySQL həmin simvolun daxil edilməsini gözləyəcək:
Nöqtəli vergül yazıb, Enter düyməsinə sıxdıqda, interpretator əmri vahid paket şəklində qəbul edir və icra edir. Bu halda yenidən verilənlər bazasının siyahısı göstəriləcək.
Əmri ləğv edirik
Konsol kliyentinə daxil edilmiş əmri icra etmək istəmirsinizsə, onda \c
simvollarını yazın və Enter düyməsinə sıxın:
phpMyAdmin proqramı üzərindən MySQL verilənlər bazası ilə işləyirik
Əmr sətri interfeysindən başqa phpMyAdmin proqramı tərəfindən təmin edilən rahat veb interfeys əlçatandır. OpenServer-i işə saldıqdan sonra aşağıdakı linkə keçid edirik:
http://127.0.0.1/openserver/phpmyadmin/index.php
phpMyAdmin proqramına giriş etmək lazımdır:
İstifadəçi xanasına root yazıb Enter düyməsinə sıxırıq. Bundan sonra rahat interfeysə malik verilənlər bazasının idarəetmə panelinə daxil oluruq. Solda verilənlər bazasının siyahısı göstərilir.
İndi isə SQL yarlıkına keçirik, açılan pəncərədə konsol kliyentində olduğu kimi MySQL VBİS-ə sorğular göndərmək mümkündür:
Açılan pəncərədə SHOW DATABASES;
əmrini yazıb Вперед düyməsinə sıxırıq:
Nəticə:
Şərh yazmaq üçün hesabınıza daxil olun.
Şərhlər
Anar
#1Təşəkkür edirəm. Əməyinə sağlıq.
Emil Hüseynov (admin) → Anar
#2Buyur.
Pənah
#13Salam Allah razı olsun,çox dəyərli dərsliklərdi. Təşəkkür edirəm
Emil Hüseynov (admin) → Pənah
#14Salam. Buyurun.