MySQL əmrləri

Verilənlər bazası ilə işləmək üçün "SQL" sorğu dilindən istifadə olunur.

Verilənlər bazasını yaradırıq

İlk növbədə əmr sətrinin köməyilə MySQL-ə giriş əldə edirik.

Bundan sonra adı my_db, kodlaşdırması utf8mb4_unicode_ci olan verilənlər bazası yaratmaq üçün konsolda aşağıdakı əmri icra edirik:

CREATE DATABASE my_db CHARACTER SET utf8mb4 COLLATE utf8mb4_unicode_ci;

Əmrin icrası uğurlu olduqda, Query OK, 1 row affected (0.00 sec) məlumatı göstərilir:

my_db verilənlər bazasının yaradılması

"phpMyadmin" panelində "SQL" yarlıkında əmri yazıb "Вперед" düyməsinə sıxırıq:

phpMyadmin paneli

İndi my_db verilənlər bazasına sorğu göndərsək, "No database selected" səhvi göstəriləcək:

İlk öncə verilənlər bazasını seçmək lazımdır

Yuxarıda SELECT əmrindən istifadə olunub. Bu barədə növbəti dərslərdə ətraflı məlumat veriləcək.

Bəli, hansısa verilənlər bazasına sorğu göndərmək üçün ilk növbədə onu seçmək lazımdır. Bu məqsədlə USE əmrindən istifadə edirik:

USE my_db;

USE əmri ilə verilənlər bazasını seçirik

İndi konsol kliyentinə daxil edilmiş sorğular bu verilənlər bazasına şamil ediləcək.

Cədvəl yaradırıq

Verilənlər bazasında cədvəl yaratmaq üçün CREATE TABLE əmrindən istifadə olunur. Gəlin my_db verilənlər bazasında users cədvəli yaradaq:

CREATE TABLE `users` (
 `id` INT NOT NULL AUTO_INCREMENT,
 `name` VARCHAR(50) NOT NULL,
 `email` VARCHAR(255) NOT NULL,
 `age` TINYINT NOT NULL,
 `salary` INT NOT NULL,
 PRIMARY KEY (`id`),
 UNIQUE (`email`)
) ENGINE=InnoDB DEFAULT CHARSET=utf8mb4;

Yuxarıdakı MySQL əmrini konsol kliyentinə daxil edib Enter düyməsinə sıxırıq:

users cədvəli yaradırıq

Yuxarıdakı nümunədə id, name, emailage, salary - bu, sütunların adıdır.

INT, VARCHAR, TINYINT - verilənlərin tipidir. Bu barədə növbəti dərsdə ətraflı məlumat verilir.

NOT NULL onu bildirir ki, sütun NULL qiymətini ala bilməz.

Bundan başqa, cədvəl üçün PRIMARY KEY (başlıca açar) parametri təyin edilib. PRIMARY KEY təyin edilmiş sütunun qiyməti həmişə unikal olmalıdır. Həmçinin başlıca açar üçün AUTO_INCREMENT parametri təyin edilib, bu halda cədvələ yeni məlumatlar əlavə edildikdə bu sütunun qiyməti avtomatik olaraq artacaq.

UNIQUE (sütunun adı) - unikal indeks yaradırıq. Unikal indeks email sütunu üçün qiymətin unikallığına məhdudiyyət qoyur. Bu, iki müxtəlif istifadəçinin eyni email ünvanı ilə qeydiyyatdan keçməsinin qarşısını alır.

Cədvəlin strukturuna baxırıq

Yeni cədvəlin yaradılmasına əmin olmaq üçün konsolda DESCRIBE users əmrini daxil edirik və Enter düyməsinə sıxırıq:

Yeni yaradılmış cədvəlin strukturuna baxırıq

DESCRIBE əmri MySQL cədvəlini uğurla yaratdığınıza əmin olmaq üçün əvəzolunmaz sazlama (debug) vasitəsidir. Cədvəldəki sütunların adına və onların hər biri üzrə verilənlərin tiplərinə baxmaq üçün də bu əmrdən istifadə edə bilərsiniz. Gəlin hər bir başlığa ətraflı nəzər salaq:

  • Field - cədvəldəki hər bir sütunun adı
  • Type - sütunda saxlanılan məlumatların tipi
  • Null -  sütunda NULL qiymətinin saxlanılıb-saxlanılmaması haqda məlumat verir
  • Key - istifadə olunan indekslər (indekslər MySQL-də məlumatlara baxışı və onların axtarışını sürətləndirir)
  • Default - sütun üçün başlanğıc qiyməti təyin edir. Cədvələ məlumat əlavə edildikdə sütunun qiyməti göstərilməyibsə, həmin sütun üçün avtomatik olaraq DEFAULT parametri ilə təyin edilmiş başlanğıc qiymət istifadə ediləcək
  • Extra - əlavə informasiya, məsələn, sütun üçün avtomatik artma parametrinin təyin edilməsi
0

Şərh yazmaq üçün hesabınıza daxil olun.