Veb-server nədir?
Bu məqalədə veb-server nədir və necə işləyir sualına cavab verməyə çalışacam.
"Veb-server" anlayışı avadanlıq və ya proqram təminatına, yaxud hər ikisinin birgə işləməsinə aid edilə bilər.
- Avadanlıq nöqteyi-nəzərindən "veb server" saytın fayllarını (məsələn, HTML, CSS, JavaScript, şəkil və sairə) saxlayan kompüterdir. Veb server internetə qoşulur və internetə qoşulmuş digər cihazlarla məlumat paylaşımını dəstəkləyir.
- Proqram təminatı nöqteyi-nəzərindən isə veb-server istifadəçilərin veb-serverdə yerləşdirilmiş fayllara müraciətinə nəzarət edən bir neçə komponentdən ibarətdir. Ən azı bu, HTTP serverdir. HTTP server URL ünvanları (veb ünvanlar) və HTTP-ni (brauzer veb səhifələrə baxış üçün bu protokoldan istifadə edir) "başa düşən" proqram təminatıdır. HTTP serverə müraciət onda saxlanılan veb saytın domen adı ilə (məsələn, "codecourse.info") mümkündür və server həmin veb saytın kontentini istifadəçinin qurğusuna göndərir.
Ən sadə səviyyədə brauzerə veb-serverdə yerləşdirilmiş fayl lazım olduqda brauzer ona HTTP protokolu vasitəsilə sorğu göndərir. Göndərilmiş sorğu lazımi veb-serverə (avadanlıq) çatdıqda HTTP server sorğunu qəbul edir, axtarılan səhifəni tapır və onu HTTP vasitəsilə brauzerə göndərir. Server axtarılan səhifəni tapmaqdıqda isə 404 səhvini geri göndərir.
Veb saytı veb-serverdə yerləşdirmək üçün sizə ya statik, ya da dinamik veb server lazımdır.
Statik veb server HTTP serverə (proqram təminatı) malik kompüterdən (avadanlıq təminatı) ibarətdir. Bu, ona görə statik adlandırılır ki, veb-server onda yerləşdirilmiş faylları sizin brauzerə olduğu kimi göndərir.
Dinamik veb-server isə statik veb-serverdən və əlavə proqram təminatından (əksər hallarda server proqram təminatı və verilənlər bazası) ibarətdir. Bu, ona görə dinamik adlandırılır ki, server proqram təminatı faylları HTTP server vasitəsilə sizin brauzerə göndərməzdən əvvəl onları yeniləyir.
Məsələn, brauzerdə baxdığınız veb səhifələri yaratmaq üçün server proqram təminatı HTML şablonu verilənlər bazasındakı məlumatlarla doldura bilər. Məsələn, Vikipediya saytı minlərlə veb səhifədən ibarətdir, lakin onlar həqiqi HTML sənədlər deyillər, yalnız bir neçə HTML şablona və böyükhəcmli verilənlər bazasına malikdir.
Daha ətraflı baxış
Artıq yuxarıda deyildiyi kimi veb səhifəni əldə etmək üçün sizin brauzeriniz veb-serverə sorğu göndərir və sonuncu tələb olunan faylın axtarışına başlayır. Veb-server faylı tapan kimi onu oxuyur, emal edir və brauzerə göndərir. Gəlin bu addımlara ətraflı nəzər salaq.
Faylların hostinqi
İlk əvvəl veb-serverdə saytın faylları (HTML sənədlər, CSS stillər, JavaScript fayllar, şəkillər, şriftlər, videolar) yerləşdirilməlidir.
Texniki cəhətdən bu faylların öz kompüterinizdə yerləşdirilməsi mümkündür, lakin onları serverdə yerləşdirmək aşağıdakı səbəblərə görə daha əlverişlidir:
- Veb-server daima işləkdir
- Veb-serverdə internet həmişə əlçatandır
- Kənar şirkət tərəfindən xidmət göstərilir
- Statik IP-yə malikdir (provayderlər evdə internetə qoşulmaq üçün əksər hallarda dinamik IP təqdim edirlər)
Yuxarıda sadalanan səbəblərə görə yaxşı hostinq-provayderin axtarışını saytınızın yaradılmasında həlledici mərhələ hesab edə bilərsiniz. Hostinq problemini həll etdikdən sonra siz öz fayllarınızı veb-serverinizə yükləməlisiniz.
HTTP üzərindən əlaqə
Veb-server, həmçinin HTTP (Hypertext Transfer Protocol) dəstəyini təmin edir. HTTP protokolu iki kompüter arasında hipermətnin (bir-biri ilə əlaqəli veb sənədlər) necə ötürülməsini müəyyənləşdirir.
Protokol iki kompüter arasında əlaqə yaratmaq üçün qaydalar toplusudur. HTTP mətn protokoludur, bütün əmrlər rahat oxuna bilən sadə mətn şəklindədir. HTTP protokolu cari vəziyyəti yadda saxlamır. Nə kliyent, nə də server əvvəlki bağlantıları xatırlamırlar. Məsələn, server yalnız HTTP texnologiyasına əsaslanmaqla daxil etdiyiniz şifrəni və ya tamamlanmamış əməliyyatın hansı mərhələsində olduğunuzu xatırlaya bilməz. Bu cür tapşırıqlar üçün sizə tətbiqi proqram serveri lazımdır.
HTTP protokolu haqqında burda ətraflı oxuya bilərsiniz.
Statik və dinamik kontent
Veb-server istifadəçinin qurğusuna statik və ya dinamik kontent göndərə bilər. Statik o deməkdir ki, server onda yerləşdirilmiş faylları sizin brauzerə olduğu kimi göndərir. Statik veb saytları hazırlamaq asandır.
Dinamik isə o deməkdir ki, veb-server məlumatları emal edir və ya məlumatları verilənlər bazasından əldə edir. Statik veb saytla müqayisədə bunu reallaşdırmaq texniki cəhətdən çətindir.
Məsələn, indi oxuduğunuz veb səhifəni götürək. Bu səhifənin yerləşdirildiyi veb-serverdə quraşdırılmış tətbiqi proqram serveri hazırda oxuduğunuz məlumatı verilənlər bazasından əldə edir, onu HTML şablona əlavə edir və nəticəni sizin brauzerə göndərir.
Şərh yazmaq üçün hesabınıza daxil olun.