Brauzer nədir?

Brauzer sizi internetdə istənilən yerə aparır, dünyanın istənilən yerində mətn oxuya, şəkillərə baxa və videolar izləyə bilərsiniz.

İnternet güclü alətdir, bir neçə onilliklər ərzində iş tərzimizi və insanlar arasında qarşılıqlı münasibətləri dəyişməyə nail olub. İnternet ölkələri birləşdirir, biznesi inkişaf etdirir, əlaqələri möhkəmləndirir, gələcəyin innovasiya mühərrikini idarə edir.

Hər kəsin internetə çıxış imkanına malik olması vacibdir, lakin internetə çıxış üçün istifadə etdiyimiz alətləri başa düşmək də vacibdir. Hazırda biz Mozilla Firefox, Google Chrome, Microsoft Edge və Safari kimi brauzerlərdən istifadə edirik, bəs brauzerin necə işlədiyini bilirikmi? Artıq dünyanın o tayında yaşayan kiməsə e-poçt göndərmək bizi təəccübləndirmir, informasiyaya münasibətimiz dəyişib.

Brauzer necə işləyir?

Brauzer məlumatları internetin müxtəlif hissələrindən əldə edərək onu sizin kompüterinizdə və ya mobil cihazınızda göstərir. Məlumatları internetdə ötürmək üçün Hypertext Transfer Protocol protokolundan istifadə edilir. Bu məlumatlar uyğun formatda paylaşılmalı və göstərilməlidir ki, dünyanın istənilən yerində istənilən brauzerdən istifadə edən insanlar üçün əlçatan olsunlar.

Təəssüf ki, brauzer yaradıcıları formatı eyni şəkildə interpretasiya etmirlər. Bu o deməkdir ki, veb saytlar müxtəlif brauzerlərdə fərqli görsənə və işləyə bilərlər. Brauzerlər arasında uyğunluğun təmin edilməsi üçün veb standartlar işlənib hazırlanıb.

Veb brauzer internetə qoşulmuş serverdən məlumat əldə etdikdə, o, bu məlumatları mətn və şəkillərə çevirmək üçün render mühərrikindən istifadə edir. Bu məlumatlar hipermətn nişanlama (HTML) dilində hazırlanır və brauzerlər internetdə gördüklərimizi, eşitdiklərimizi formalaşdırmaq üçün bu kodu "oxuyurlar".

Bağlantılar istifadəçilərə internetdə digər səhifələrə və ya saytlara keçid etməyə imkan verir.

Brauzerin qısa yaranma tarixi

Kompüter texnologiyaları sahəsində işləyən ingilis alim Tim Berners-Li 1990-cı ildə İsveçrədə Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) işləyərkən ilk veb server və qrafik veb brauzer hazırlayıb. World Wide Web adlandırılan ixtira NeXT kompüteri üçün nəzərdə tutulmuşdu və sadə qrafik interfeysə malik idi. İlk dəfə olaraq internetin köməyilə mətn sənədləri arasında bağlantı yaratmaq mümkün olmuşdu.

Tim Berners-Li

Bir il sonra Berners-Li CERN-in riyaziyyat fakültəsinin tələbəsi Nikola Pelloya kompüter terminalları üçün xətti brauzer (Line Mode Browser) hazırlamağı tapşırmışdı.

1993-cü ildə internet çox populyar idi. Universitetlər, hökumət qurumları və özəl korporasiyalar açıq internetdə özləri üçün yeni imkanlar görürdülər. İnternetə daxil olmaq üçün yeni kompüter proqramlarına ehtiyac var idi. Elə həmin il İllinoys Universitetində yerləşən Milli Superkompüter Tətbiqləri Mərkəzində (NCSA) işləyən kompüter alimi Mark Andressen Mosaic brauzerini təqdim etmişdi.

Mosaic brauzeri

Mosaic brauzerinin istifadəsi asan idi, hər kəs veb səhifə, çat və şəkillərə giriş imkanına malik idi. Növbəti il, 1994-cü ildə Netscape şirkətinin təsisçisi Andressen Netscape Navigator brauzerini təqdim etmişdi.

Brauzerlərin "müharibəsi"

1995-ci ildə Netscape Navigator internetə daxil olmaq üçün artıq yeganə brauzer deyildi. Microsoft korporasiyası köhnə Mosaic brauzerinin kodunu lisenziyalaşdırdıqdan sonra onun əsasında hazırlanmış Internet Explorer-i təqdim etmişdi. Bu isə şirkətlər arasında "müharibənin" başlanmasına səbəb oldu. Netscape və Microsoft şirkətləri proqram təminatının yeni versiyaları üzərində böyük səylə çalışırdılar, hər biri daha sürətli və keyfiyyətli məhsul təqdim etməklə rəqibini geridə qoymağa çalışırdı.

Netscape şirkəti JavaScript dilini hazırlamışdı. Microsoft isə veb səhifələrin dizaynı üçün standarta çevrilən Cascading Style Sheets (CSS) texnologiyasını ilk dəfə tətbiq etmişdi.

1997-ci ildə Internet Explorer 4.0 versiyası təqdim edildikdən sonra işlər bir az da öz nəzarətindən çıxmışdı. Microsoft komandası nəhəng "e" hərfi düzəltdirərək onu Netscape-in mənzil ​qərargahının qarşısındakı qazona yerləşdirmişdilər. Netscape komandası tez bir şəkildə "e" hərfini ordan yığışdıraraq yerinə Mozilla dinozavrını qoymuşdular.

Sonra Microsoft şirkəti Internet Explorer brauzerini Windows əməliyyat sisteminə inteqrasiya edir və sözügedən brauzer 4 il ərzində bazarın 75%-ni, 1999-cu ildə isə 99%-ni ələ keçirir. Nəticədə şirkət öz antiinhisar fəaliyyətinə görə məhkəmə araşdırması ilə üzləşir. Netscape öz mənbə kodunu açıq internetdə yerləşdirdikdən sonra Mozilla qeyri-kommersiya təşkilatını təsis etmişdi. Mozilla 2002-ci ildə Firefox brauzerini hazırlayır. 2010-cu ilədək Mozilla Firefox və digər brauzerlər Internet Explorer-in bazar payını 50%-dək azaltmağa nail oldular.

90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində digər rəqib brauzerlər (Opera, Safari və Google Chrome) təqdim edilmişdi. 2015-ci ildə təqdim edilmiş Windows 10 sistemində Internet Explorer brauzeri Microsoft Edge ilə əvəzlənib.

Kuki

Saytlar sizin haqda olan məlumatları kuki adlandırılan faylda yadda saxlayırlar. Həmin resursa yenidən geri qayıtdıqda saytın kodu kompüterinizdə saxlanılan kuki faylı oxuyaraq sizi "tanıyır". Məsələn, sayta daxil olduğunuz zaman veb səhifə istifadəçi adınızı və şifrənizi xatırlayır ki, bu da kuki fayl sayəsində mümkün olur.

Sizin haqda daha ətraflı məlumat toplayan kukilər də vardır. Bu o deməkdir ki, sayt sizə daha çox hədəflənmiş məzmun (əksər hallarda reklam formasında) təqdim edə bilər. Daxil olmadığınız saytlardan gələn üçüncü tərəf kukiləri adlandırılan kuki növləri haqqınızda məlumat toplamaq üçün sizi izləyə bilir və bəzən bu məlumatlar digər şirkətlərə satılır. Siz bəzən bu kukiləri bloklaya bilərsiniz, lakin bəzi brauzerlər buna icazə vermir.

Məxfilik anlayışı

Populyar brauzerlərdə məxfi baxış funksiyası vardır. Bu funksiya sizin baxış tarixçənizi eyni kompüterdən istifadə edən digər istifadəçilərdən gizlədir. Bir çoxları düşünür ki, məxfi baxış rejimi həm onların kimliyini, həm də baxış tarixçələrini internet provayderlərdən, hökumətlərdən və reklamçılardan gizlədir. Lakin belə deyil. Bu parametrlər sadəcə olaraq sistemdəki baxış tarixçəsini təmizləyir.

0

Şərh yazmaq üçün hesabınıza daxil olun.