Veb necə işləyir?

Bu məqalə kompüter və ya telefona quraşdırılmış brauzerdə veb səhifələrə baxarkən nə baş verdiyinə dair sadə təsəvvür yaradacaq.

Kliyent və serverlər

İnternetə qoşulmuş kompüterlər kliyent və serverlər adlanır. Onlar arasındakı qarşılıqlı əlaqənin sadə sxemi aşağıdakı kimi təsvir oluna bilər:

kliyent və server

  • Kliyentlər qurğular (məsələn, kompüter Wi-Fi moduluna və ya telefon mobil şəbəkəyə qoşulub) və bu cihazlara quraşdırılmış proqram təminatı (adətən brauzer, məsələn Firefox və ya Chrome) vasitəsilə internetə qoşulan adi istifadəçilərdir.
  • Serverlər - bu, veb səhifə, sayt və ya proqramları saxlayan kompüterlərdir. Kliyentin cihazı veb səhifəyə daxil olduqda səhifənin surəti serverdən kliyentin kompüterinə yüklənir.

Alətlər panelinin digər hissələri

Yuxarıda haqqında danışdığımız kliyent və server bütün məqamlara aydınlıq gətirmir. Bir çox başqa komponentlər mövcuddur və onlara bir-bir nəzər salacağıq.

Gəlin təsəvvür edək ki, Veb - bu, bir yoldur. Yolun bir tərəfi evi təmsil edən kliyent, digər tərəfi isə mağazanı təmsil edən serverdir. Siz mağazadan nəsə almaq istəyirsiniz.

piyada keçidində yolu keçən şəxsin ağ-qara şəkli

Kliyent və serverdən başqa, biz aşağıdakılara da diqqət etməliyik:

  • İnternet bağlantı: məlumatları internet üzərindən ötürməyə və onları qəbul etməyə imkan yaradır. O, ev və mağaza arasındakı küçə kimi başa düşülə bilər.
  • TCP/IP: Transmissiya İdarəetmə Protokolu və İnternet Protokolu məlumatların internet üzərindən necə ötürülməsini müəyyənləşdirən rabitə protokollarıdır. Bu, sifariş etməyə, mağazaya gedib məhsulu satın almağa imkan verən nəqliyyat mexanizmi kimidir. Bizim nümunəmizdə bu, avtomobil və ya velosiped ola bilər.
  • DNS: Domen Adları Sistemi veb saytlar üçün ünvan kitabını xatırladır. Siz brauzerin ünvan sətrində veb ünvanı daxil edən zaman brauzer veb saytın həqiqi ünvanını tapmaq üçün DNS-ə müraciət edir. Brauzer saytın hansı serverdə yerləşdiyini öyrənməlidir ki, HTTP sorğunu düzgün ünvana göndərə bilsin. Bu, mağazanın ünvanını tapmağa bənzəyir ki, siz ora daxil ola bilərsiniz.
  • HTTP: Hypertext Transfer Protocol - bu, kliyent və serverlərin bir-biri ilə əlaqə qurmaları üçün dil müəyyənləşdirən bir protokoldur. Məhsul sifariş etmək üçün istifadə olunan dilə bənzəyir.
  • Komponentlərin faylları: sayt bir neçə müxtəlif fayldan ibarətdir. Bu, mağazada məhsullardan ibarət müxtəlif şöbələrə bənzəyir. Bu fayllar iki əsas növə bölünür:
    • Kod faylları: saytların qurulmasında ilk növbədə HTML, CSS və JavaScript-dən istifadə olunur, digər texnologiyalarla sonra tanış olacaqsınız.
    • Materiallar: Bu, saytı formalaşdıran digər bütün materiallar (şəkil, musiqi, video, PDF və Word sənədlər) üçün toplu addır.

Bəs əslində nə baş verir?

Siz brauzerin ünvan sətrində veb ünvan daxil etdikdə (bu, bizim nümunəmizdə mağazaya getməyə bənzəyir):

1. Brauzer DNS serverə müraciət edir və saytın yerləşdiyi serverin həqiqi ünvanını axtarıb tapır (Mağazanın ünvanını tapırsınız).

2. Brauzer serverə HTTP sorğu göndərir və ondan saytın surətini kliyentə göndərməyi istəyir (mağazaya gedərək məhsul sifarişi edirsiniz). Bu məlumat, həmçinin müştəri ilə server arasında ötürülən bütün digər məlumatlar TCP/IP protokolu vasitəsilə internet üzərindən ötürülür.

3. Server kliyentin sorğusunu qəbul etdikdə ona "200 OK" statusu göndərir (bu o deməkdir ki, "əlbəttə, bu sayta baxa bilərsiniz!") və bundan sonra saytın məlumatlarını brauzerə paket məlumatları adlandırılan kiçik hissələr şəklində göndərməyə başlayır (mağaza aldığınız malı sizə verir və onu evə aparırsınız).

4. Brauzer həmin kiçik hissələri bütöv sayt şəklində toplayaraq onu sizə göstərir (məhsullar qapınızdadır - yeni mallar, əla!).

DNS

Real veb ünvanları yadda saxlamaq çətindir, çünki onlar, məsələn: 63.245.215.20 kimi xüsusi nömrələrdən ibarətdirlər.

Bu, xüsusi nömrələrdən ibarət sətir IP ünvan adlanır və internetdə unikal məkanı təmsil edir. Ancaq onu yadda saxlamaq asan deyil, elə deyilmi? Məhz buna görə DNS (Domain Name Servers - Domen Adları Sistemi) yaradılıb. Bu, brauzerin ünvan sətrinə daxil etdiyiniz veb ünvanı (məsələn, "codecourse.info") saytın real IP ünvanı ilə əlaqələndirən xüsusi serverlərdir.

Saytlara onların IP ünvanı ilə də müraciət etmək mümkündür. Məsələn, IP Checker kimi servisə veb saytın domenini daxil etməklə onun IP ünvanını tapa bilərsiniz.

Paketlər

Biz serverdən kliyentə ötürülən məlumatların formatını təsvir etmək üçün "paket" terminindən istifadə etmişdik. "Paket" dedikdə biz nəyi nəzərdə tuturuq? Məlumatlar internet üzərindən ötürüldükdə çoxsaylı müxtəlif şəbəkə istifadəçisinin eyni saytı eyni anda yükləyə bilməsi üçün minlərlə kiçik hissə şəklində göndərilir. Əgər saytlar tək böyük hissə şəklində göndərilmiş olsaydı, yalnız bir istifadəçi onu bir anda yükləyə bilərdi və bu, internetdən istifadəni səmərəsiz edərdi.

0

Şərh yazmaq üçün hesabınıza daxil olun.