Kompüter mausunun yaranma tarixi
- Kompüter mausunun ilk prototipi
- Seriyalı istehsal edilən ilk kompüter mausu
- Bazarda ilk ucuz kompüter mausu
Müasir kompüter mausunun ilk prototipi XX əsrin 50-ci illərində DATAR (Digital Automated Tracking and Resolving System) adlı məxfi hərbi layihə çərçivəsində Ferranti Electric şirkətində işləyən kanadalı mühəndislər tərəfindən hazırlanıb. Sözügedən şirkət və Kanadanın Hərbi Dəniz Qüvvələri arasında avtomatlaşdırılmış radar şəbəkəsinin işlənib hazırlanması üçün saziş imzalanmışdı. Yeni hazırlanan sistem üçün elə bir qurğu lazım idi ki, operator həmin qurğu vasitəsilə radarın ekranındakı nöqtənin istiqamətini dəyişdirə bilsin. İki mühəndis - Tom Krenston və Fred Lonqstaff bu tapşırığın öhdəsindən gəlməyə müvəffəq olurlar. Onların düzəltdiyi trekbolda boulinq üçün kanada topundan (onun çəkisi amerika topundan daha yüngüldür və barmaq üçün dəlik yoxdur) istifadə edilmişdi. Layihə hərbçilərin marağını çəksə də, ancaq qurğunun sonrakı inkişafına maliyyə ayrılmır. Sonralar Tom Krenston Toronto Star Weekly qəzetinə müsahibəsində demişdi ki, trekbolun ixtirası öz zamanını qabaqlamışdı. Bu layihə çox məxfi olduğuna görə trekbol haqqında məlumat uzun illər gizli saxlanılıb, nəticədə mühəndislər öz ixtirasını patentləşdirə bilməmişdilər.
O dövrdə mühəndislər qrafiki kompüter interfeysi və ekranda kursorun hərəkətini idarə edən qurğu hazırlamaq ideyasının əsirinə çevrilmişdilər. Məsələn, Grafacon adlı qurğu irəli və geriyə doğru hərəkət edən nazik metal çubuq və obyekti seçmək üçün düymə ilə təchiz edilmişdi.
Kompüter mausunun ilk prototipi
İlk kompüter mausu Stanford Tədqiqat İnstitutunda çalışan Duqlas Engelbart tərəfindən Kaliforniyada keçirilmiş interaktiv sərgidə təqdim edilib. O, 1968-ci il dekabrın 9-da həmkarları ilə birgə gələcəyin fərdi kompüterlərinin necə işləyəcəyini nümayiş etdirmişdi. İxtiraçı təqdimatda mətni klaviaturadan yığmaqla yanaşı, həm də ekranda istənilən sözü mausun köməyilə seçməyi və hərəkət etdirməyi göstərib.
Təqdim edilmiş maus müasir cihazlardan çox fərqlənirdi - qurğu künc tərəfdə yerləşən bir düymədən ibarət taxta qutu şəklində hazırlanmışdı. Aşağısında isə iki perpendikulyar disk var idi. Bu, kursoru X və Y oxları boyunca dörd istiqamətdə hərəkət etdirməyə imkan verirdi. Kursor ekranda işıq ləkəsi kimi görünürdü və müasir ox işarəsinə bənzəmirdi.
Engelbart öz ixtirasını 1970-ci ildə patentləşdirmişdi.
Seriyalı istehsal edilən ilk kompüter mausu
1981-ci ildə Xerox şirkəti tərəfindən təqdim edilmiş Xerox Alto fərdi mini kompüterinin tədarük dəstinə ilk dəfə olaraq maus daxil edilmişdi. Onun çəkisi daha yüngül idi, korpusu plastikdən hazırlanmışdı, idarəetmə düymələrinin sayı artırılaraq üçə çatdırılmışdı. Kursor qurğunun içərisində yerləşən kürənin və iki diyircəyin köməyilə idarə olunurdu.
Konstruksiyanın çatışmayan tərəfi o idi ki, kürə tozu özünə çəkirdi və müəyyən vaxtdan sonra diyircəklərin işləməyinə mane olurdu. Nəticədə kursor qeyri-dəqiq işləyirdi və ya tamamilə ilişib qalırdı ki, bu da onunla işləməyi çox çətinləşdirdi. Buna görə sözügedən mausu yalnız xüsusi altlıqda istifadə etmək mümkün idi.
Mausun yenidən düzgün işləməsi üçün alt plastik paneli açmaq, diyircəkləri və kürəni çıxarıb təmizləmək lazım idi.
Bazarda təqdim edilən ilk mausun qiyməti 400 dollar olub. Mausun qiymətinin baha olması nəticəsində Xerox şirkətinin prototipi kütləvi və populyar ola bilmədi.
Bazarda ilk ucuz kompüter mausu
1979-cu ilin dekabrında 24 yaşlı Stiv Cobs Kompüter Texnologiyaları Muzeyində Xerox şirkəti tərəfindən hazırlanmış qrafik interfeyslə tanış olmuşdu. Kompüterin mausun köməyilə idarə olunması sahibkarı çox heyrətləndirmişdi və o, öz maus modelini istehsal etmək qərarına gəldi.
Cobs mausu kütləvi məhsula çevirmək istəyirdi, ona görə də dizaynerlərə bir neçə göstəriş vermişdi: cihazın qiyməti 15 dolları keçməsin, qurğu dayanıqlı olsun və istənilən səthdə istifadəsi mümkün olsun. Cobs Xerox şirkətinin buraxdığı səhvləri təkrarlamaq istəmirdi.
1983-cü ildə Apple şirkəti Lisa kompüterinin tədarük dəstinə fərdi maus daxil etmişdi.
Texnologiyanın inkişafı istehsal xərclərinin azalmasına səbəb olurdu və nəticədə mausun qiyməti 25 dollar idi.
Apple-ın mühəndisləri Xerox modelinin dizaynını köçürməmişdilər - üç düymənin yerinə bir uzunsov düymə saxlamışdılar. Bu düymə bir funksiyanı yerinə yetirdi. İstifadəçilər onu iki barmaqla sıxa bilirdilər.
Şərh yazmaq üçün hesabınıza daxil olun.