SMTP protokolu
- SMTP nədir?
- SMTP server nədir?
- SMTP portu nədir?
- SMTP necə işləyir?
- Əsas SMTP əmrləri
- SMTP digər e-poçt protokollarından nə ilə fərqlənir?
- Şəxsi SMTP serverinin müsbət və mənfi tərəfləri
Gündəlik 306,4 milyard elektron məktub göndərilir və qəbul edilir. Bu, həm biznes, həm də fiziki şəxslər üçün ən geniş yayılmış əlaqə üsullarından biridir, lakin Send düyməsinə klik etdikdən sonra nə baş verdiyini heç düşünmüsünüzmü? Mesajlarınız onu qəbul edənlərə necə göndərilir?
Arxa fonda elektron məktubları lazımi ünvanlara göndərməyə imkan verən mürəkkəb proseslər gedir. Bu proseslərin mərkəzində isə SMTP protokolu dayanır.
SMTP nədir?
SMTP (Simple Mail Transfer Protocol) internet üzərindən bir e-poçt hesabından digərinə mesaj göndərmək üçün istifadə olunan protokoldur. 1982-ci ildə təqdim edilməsinə baxmayaraq, indiyədək öz aktuallığını qoruyub saxlayır.
E-poçt protokolları - müxtəlif e-poçt kliyent və hesablarına asanlıqla məlumat mübadiləsi etməyə imkan verən qaydalar toplusudur. SMTP protokolu POP və IMAP ilə birgə ən geniş yayılmış protokollardan biridir. O, həmçinin mesajlar göndərmək üçün yeganə ayrılmış protokoldur. Outlook, Apple Mail, Gmail və Yahoo Mail daxil olmaqla, əksər e-poçt kliyentləri mesajları göndərmək üçün SMTP protokolundan istifadə edirlər.
SMTP server nədir?
Digər serverlər kimi SMTP serveri də şəbəkə daxilində kliyentlər adlandırılan digər proqramlara xidmət göstərən proqramdır. SMTP serveri mesajların göndərilməsini, qəbulunu və ötürülməsini idarə edir.
Serverləri real həyatdakı poçt şöbələri kimi təsəvvür edə bilərsiniz. Siz A şəhərindən B şəhərinə məktub göndərdikdə, o, əvvəlcə A şəhərindəki yerli poçt şöbəsinə çatdırılır; burada məktublar işlənilir, sonra B şəhərindəki poçt şöbəsinə göndərilir.
SMTP serverlər də eynilə yuxarıdakı kimi işləyir, sadəcə olaraq məktubların çatdırılması bir neçə gün deyil, maksimum bir neçə dəqiqə vaxt alır.
SMTP portu nədir?
SMTP portu SMTP protokolu üzərindən məlumatların ötürülməsini idarə edən son kommunikasiya nöqtəsidir.
Portlar məlumatın lazımi yerlərə göndərilməsində həlledici rol oynayırlar. İstənilən şəbəkə xidmətinə kommunikasiyanı düzgün marşrutlaşdırmaq üçün domen adı (və ya IP ünvan) və port tələb olunur. IP ünvan şəbəkədəki qurğunu müəyyənləşdirir, portlar isə sistemdəki xüsusi tətbiqləri və ya xidmətləri müəyyənləşdirir.
E-poçtun bir e-poçt kliyentindən digərinə göndərilməsi bir neçə addımdan ibarətdir: siz elektron məktubu öz kliyentinizdən poçt serverinə göndərirsiniz, sonra məktub onu qəbul edənin e-poçt kliyentinə çatana kimi bir serverdən digərinə ötürülür:
İnternet mühəndisliyi üzrə xüsusi komissiya (IETF) 1982-ci ildə 25 nömrəli portu internet üzərindən elektron məktubun göndərilməsi üçün standart kanal təyin edib. Lakin müasir poçt kliyentləri (Gmail, Yahoo və digərləri) bu portdan istifadə etmirlər.
Bir çox internet provayderləri və "bulud" xidmətləri 25 nömrəli port üzərindən gələn trafiki aktiv şəkildə bloklayırlar, çünki o, təhlükəsiz deyil, spam e-poçtları yaymaq üçün asan yoldur.
25 nömrəli port SMTP-nin retranslyasiyasında əvvəlki kimi əsas rol oynayır, lakin mesaj göndərmək üçün bu portdan istifadə etmək lazım deyil.
Mesajın çatdırılması üçün hazırlanmış müasir təhlükəsiz 587 nömrəli SMTP portu TLS və STARTTLS əmr protokollarını dəstəkləyir və SMTP üzərindən e-poçtun təhlükəsiz şəkildə göndərilməsinə imkan verir.
Bu portun yaradılmasında məqsəd e-poçtun göndərilməsi və mesajların retranslyasiyasını bir-birindən ayırmaq olub.
Hazırda əksər müasir e-poçt xidmətləri və hostinq provayderləri standart olaraq 587 nömrəli SMTP portundan istifadə edirlər.
587 nömrəli port bloklandıqda 2525 portu müasir SMTP istifadəsi üçün de-fakto olaraq alternativdir. TLS şifrələməsini dəstəkləyən 2525 portu təhlükəsiz portdur.
SMTP necə işləyir?
Bunu izah etməyin ən yaxşı yolu elektron məktubun göndərilməsi prosesini, onları idarə edən fərdi qaydaları və əmrləri, iş prosesində qarşılaşa biləcəyiniz səhvləri nəzərdən keçirməkdir.
SMTP server qurulduqdan sonra e-poçt kliyentləri ona qoşula və onunla qarşılıqlı əlaqə qura bilərlər. İstifadəçi öz mesajını yazıb Send düyməsinə sıxdıqda, e-poçt kliyenti onu göndərə bilmək üçün serverlə SMTP əlaqəsi qurur. SMTP əlaqəsi TCP (Transmission Control Protocol) əlaqəsinə əsaslanır.
SMTP kliyent serverə nə etməli olduğunu bildirmək, həmçinin göndərənin və qəbul edənin e-poçt ünvanları, məktubun məzmunu kimi məlumatları ötürmək üçün əmrlərdən istifadə edir. Mail Transfer Agent və ya Message Transfer Agent (MTA) hər iki e-poçt ünvanının eyni e-poçt domeninə aid olub-olmadığını yoxlayır:
- Əgər hər iki e-poçt ünvanı eyni e-poçt domeninə (məsələn, gmail.com) aiddirsə, elektron məktub dərhal göndərilir
- Yox, əgər aid deyillərsə, server qəbul edənin domenini identifikasiya etmək üçün Domen Adları Sistemindən (DNS) istifadə edir, sonra onu lazımi serverə göndərir
Əsas SMTP əmrləri
SMTP əmrləri serverlər arasında mesajların ötürülməsini təmin edən kodlar toplusudur. Bilməli olduğunuz əsas SMTP əmrləri aşağıdakılardır:
HELO or EHLO (Hello): bu, elektron məktubun göndərilməsi üzrə bütün prosesin işə salınması üçün vacib əmrdir. Poçt kliyenti özünü SMTP serverinə "tanıtdırır" və serverlə dialoq qurulur. Adətən server öz domen adı/IP ünvanı ilə birlikdə HELO əmrini geri göndərir.
MAIL FROM: Bu əmr mesajı göndərənin ünvanı təyin edir, onun e-poçt ünvanı SMTP serverə göndərilir. Server e-poçt ünvanını qəbul etdikdən sonra 250 OK cavab kodunu geri qaytarır. Bu o deməkdir ki, hər şey qaydasındadır.
RCPT TO (Recipient To): bu əmr elektron məktubun kimə göndərilməsini təyin edir və onu serverə göndərir. SMTP server yenidən 250 OK cavab kodunu geri qaytarır. Bundan sonra serverə digər e-poçt ünvanı ilə olan RCPT TO əmri göndərilə bilər. Bu proses elektron məktub qəbul edən insanların sayından asılı olaraq çoxlu sayda təkrarlana bilər.
DATA: Bu əmr kliyent və server arasında məlumatların ötürülməsi prosesini işə salır. Mesajın məzmunu SMTP serverə daşınır və server 354 kodunu geri qaytarır. Ötürülən mesajın məzmununun sona çatdığını serverə bildirmək üçün ayrıca sətirdə yalnız bir nöqtə göndərilir. Əgər hər şey qaydasındadırsa, server 250 OK cavab kodunu geri göndərir və bu an mesaj artıq onu qəbul edənə göndərilir.
QUIT: Elektron məktub göndərildikdə, kliyent seansı bağlamaq üçün serverə QUIT əmri göndərir. Əgər seans uğurla bağlanıbsa, server 221 kodunu geri qaytarır.
RSET (Reset): Poçt əməliyyatını dayandırmaq lazım olduqda bu əmr serverə göndərilir. O, bağlantını kəsmir, lakin hər şeyi sıfırlayır və e-poçt haqda əvvəlki məlumatları silir. Siz bunu adətən səhv (qəbul edən barəsində yanlış məlumatın daxil edilməsi kimi) baş verdikdə istifadə edəcəksiniz.
Yuxarıdakı əmrlər poçt kliyentləri arasında "ünsiyyət" qurmağa kömək edir. Həmin "ünsiyyət" vizual olaraq aşağıdakı kimi görsənə bilər:
SMTP digər e-poçt protokollarından nə ilə fərqlənir?
SMTP mövcud olan e-poçt protokollarından biridir. POP və IMAP digər iki ən geniş yayılmış e-poçt protokollarıdır.
Bu protokollar arasındakı əsas fərq ondan ibarətdir ki, SMTP naməlum poçt serverindən digərinə elektron məktub göndərmək üçün istifadə edilən yeganə protokoldur. POP və IMAP isə mesajları qəbul etmək üçün protokollardır.
POP protokolu
POP (Post Office Protocol) gələn mesajları qəbul etmək üçün istifadə olunur. Ən son versiya POP3-dür, sonuncu dəfə 1988-ci ildə yenilənib.
POP3 protokolu TCP/IP steki üzərində işləyir. Adətən şifrələnməmiş bağlantılar üçün 110 və ya şifrələnmiş bağlantılar üçün 995 portundan istifadə edilir. Bu protokol real həyatdakı poçt şöbəsinin analoqu kimi fəaliyyət göstərir. Elektron məktubları qəbul edən POP3 protokolu müştərilər onları götürənədək saxlayır.
Bütün mesajlar istifadəçinin kompüterində saxlanılır və adətən serverdən silinir. Bəzi e-poçt kliyentləri mesajların surətlərini serverdə saxlamaq üçün konfiqurasiya edilə bilərlər. POP3 protokolu əvvəllər yüklənmiş mesajlara internet olmadan giriş imkanı yaradır.
IMAP protokolu
IMAP (Internet Message Access Protocol) - e-poçt serverində saxlanılan mesajlara daxil olmaq üçün istifadə olunan protokoldur.
IMAP kliyent və server arasında sabit əlaqəni qoruyub saxlamaqla işləyir. Kliyent mesaja giriş əldə etmək istədikdə, server mesajın surətini ona göndərir. İstifadəçi hansısa qurğuda mesajı sildikdə və ya köçürdükdə, server mesajın statusunu yeniləyir ki, eyni e-poçt hesabına çıxışı olan digər qurğularda da həmin dəyişikliklər tətbiq olunsun.
Şəxsi SMTP serverinin müsbət və mənfi tərəfləri
Müsbət tərəfləri:
Göndərişlərin sayına məhdudiyyət yoxdur. Bir çox e-poçt xidmətləri və internet provayderləri gündəlik göndərilən məktubların sayına məhdudiyyət qoyurlar. Şəxsi ayrılmış SMTP serveriniz olduqda, istədiyiniz qədər məktub göndərə bilərsiniz.
Elektron məktubların ünvana çatdırılmasına tam nəzarət imkanın olması. Send düyməsinə sıxdıqdan sonra elektron məktubla nə baş verməsindən asılı olmayaraq, çatdırılma barədə məlumat sizə əlçatan olacaq. Mesajların qəbul edən tərəfə göndərildiyini izləyə bilərsiniz, səhv olduqda isə sizə göstərilən kodu araşdıra bilərsiniz.
E-poçt siyahısının məxfiliyi. E-poçt siyahısını heç kimlə paylaşmaq məcburiyyətində deyilsiniz ki, bu da şirkətinizin və müştərilərinizin məlumatlarının məxfiliyini təmin edir.
Mənfi tərəfləri:
Xeyli vaxt, pul və zəhmət tələb edə bilər. Şəxsi SMTP serverinin işə salınması çoxlu resurs tələb edir: siz daima hər şeyin işlək vəziyyətdə olduğuna nəzarət etməlisiniz, hətta mütəxəssis və ya komanda işə götürmək məcburiyyətində qala bilərsiniz.
Lokaldır. Şəxsi SMTP serveriniz elektrik kəsilməsi və ya internetə qoşulma ilə bağlı problemlərlə üzləşə bilər. Siz ehtiyat nüsxə serverləri və failsafe mühafizəsi qura bilərsiniz, lakin bunun üçün müvafiq texniki bilik tələb olunur.
Şərh yazmaq üçün hesabınıza daxil olun.